Görüşdə Azərbaycanda kənd təsərrüfatı sektorunun potensialı və bu sahənin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da “Changzhou Dongfeng Agricultural Machinery Group Co., LTD” şirkətinin icraçı vitse-prezidenti Bai Anlinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin əsas fəaliyyət istiqamətləri və reallaşdırdığı təşəbbüslər, ölkədə investorlar üçün yaradılmış əlverişli biznes mühiti, eləcə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu sahədə tətbiq olunan texnologiyalarda yaşıl enerjiyə keçid planlaşdırılır.
“Changzhou Dongfeng Agricultural Machinery Group Co., LTD” şirkətinin icraçı vitse-prezidenti Bai Anli Azərbaycanın kənd təsərrüfatı sektorunun əhəmiyyətli investisiya potensialına malik olduğunu vurğulayıb, çəltikçilik, taxılçılıq, pambıqçılıq və digər sahələrdə istifadə olunan müxtəlif növ texnikanın şirkət tərəfindən istehsalının mövcud olduğunu bildirib.
Görüş çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sektorunda yüksək tələbat olan texniki avadanlıqlar və sahənin inkişaf perspektivləri müzakirə edilib.