AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində AZPROMO bir sıra görüşlər keçirib

Forum çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq və investisiya imkanları müzakirə edilib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO bir sıra qurumlarla görüşlər keçirib.

 

Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüş

 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı İnvestisiya Təşviqi İdarəsi (SIPA), İnvestisiya Nazirliyi və hər iki ölkənin özəl şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Agentliyin fəaliyyət istiqamətləri və Forumun məqsədləri barədə ətraflı məlumat verilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb, Səudiyyə şirkətlərinin ölkəmizdə prioritet sahələr üzrə investisiya potensialı müzakirə edilib. Qarşı tərəf AZPROMO-nu noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək “Northern Borders Investment” forumunda iştirak etməyə dəvət edib.

 

Ruanda nümayəndə heyəti ilə görüş

 

Ruandanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqa və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Culiana Muganza ilə keçirilən görüşdə Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verilib, iki ölkə arasında işgüzar tədbirlərin təşkili imkanları və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin prioritet istiqamətlər üzrə birgə fəaliyyət mexanizmlərinin işlənməsi nəzərdən keçirilib.

 

Macarıstan nümayəndə heyəti ilə görüş

 

Macarıstanın fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma və Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş icraçı direktoru Katalin Bihari ilə görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf sahələri ətrafında fikir mübadiləsi aparılıb. Macarıstanın uğurlu layihələrinin Azərbaycanda təşviqi məqsədilə AZPROMO-nun macar şirkətlərinin yerli qurumlarla əlaqələndirilməsinə dəstək göstərəcəyi vurğulanıb.