AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı keçirilib

Konfransda iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı imkanlarına dair fikir mübadiləsi aparılıb, tematik panel sessiyaları keçirilib, “yaşıl” enerji sahəsində sənəd imzalanıb.

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK), Almaniya Şərq Biznes Assosiasiyası və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə ilk Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı keçirilib.

Tədbirin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman və AHK-nın icraçı direktoru Nargis Viek Azərbaycan və Almaniya arasında iqtisadi, enerji, infrastruktur, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, innovasiya və ağıllı texnologiyaların birgə tətbiqi, eləcə də ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində həmçinin bir neçə panel sessiyası baş tutub. “Azərbaycanda biznesin aparılması” adlı paneldə çıxış edən AZPROMO-nun nümayəndəsi ölkəmizin sahibkarlığın inkişafı və xarici investisiyalar üçün əlverişli biznes iqlimi haqqında məlumat verib, Agentliyin investor və ixracatçılara məsləhət və əlaqələndirmə xidmətləri göstərərək layihələrin “vahid pəncərə” prinsipi ilə həyata keçirilməsi barədə danışıb. “Siemens Energy Global”, “Rhenus Logistics Azerbaijan” və “Improtex Group” şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi paneldə Azərbaycanda yaradılan əməkdaşlıq imkanlarının effektiv reallaşdırılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, tədbirdə yüksək texnologiyalar vasitəsilə “yaşıl” enerjinin ötürülməsini nəzərdə tutan sənədin imzalanması baş tutub. Konfrans B2G və B2B görüşlər ilə davam edib.