AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İslam İnkişaf Bankı Qrupunun özəl sektor üçün təqdimat tədbiri keçirilib

İqtisadiyyat Nazirliyində təşkil olunan İslam İnkişaf Bankı Qrupunun özəl sektor üçün təqdimat tədbirində Qrupun özəl sektorun inkişafı, ticarət, investisiya və risklərin azaldılması sahələrində dəstək alətləri təqdim olunub.

Cari ilin 16-19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları və Özəl Sektor Forumuna hazırlıq çərçivəsində İqtisadiyyat Nazirliyində İİB Qrupunun özəl sektor üçün təqdimat tədbiri keçirilib.

Tədbir İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Dövlət qurumları, maliyyə institutları, biznes assosiasiyaları və özəl sektor nümayəndələrinin qatıldığı tədbirdə kənd təsərrüfatı, qida istehsalı, maliyyə, sığorta, tikinti, infrastruktur, logistika, enerji, İKT, sənaye, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan ilə İİB Qrupu arasında qurulan uzunmüddətli və uğurlu tərəfdaşlıqdan danışıb, tədbirin özəl sektorla beynəlxalq maliyyə institutları arasında birbaşa dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

ICIEC-nin Biznesin inkişafı departamentinin direktoru Yasser Alaki İİB Qrupunun özəl sektorun inkişafına xidmət edən dəstək mexanizmləri, o cümlədən investisiya, ticarət, sığorta və risklərin azaldılması sahələrində təqdim etdiyi həllər barədə məlumat verib.

Tədbirdə İİB Qrupuna daxil olan institutlar tərəfindən İslam maliyyələşməsi, özəl sektor layihələrinin maliyyələşdirilməsi xidmətləri və mexanizmləri, risklərin azaldılması, investisiya və ixrac kreditlərinin sığortalanması üzrə təqdimatlar olub.

Tədbir çərçivəsində sahibkarlar, dövlət qurumları və İİB Qrupunun təmsilçiləri arasında görüşlər keçirilib.