Aprelin 9-da Litva Respublikasının Baş naziri Algirdas Butkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Litva tərəfindən rəsmi şəxslərlə yanaşı təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumdan əvvəl Litva Respublikasının Baş naziri Algirdas Butkeviçius Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi uğurları barədə təqdimatla tanış olmuşdur.
Biznes forumda qonaqları salamlayan İqtisadi İnkişaf naziri Şahin Mustafayev Litva Respublikasının Baş naziri Algirdas Butkeviçiusun Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirakını xüsusi vurğulayaraq baş nazirin bu mühüm tədbirin uğurla keçməsinə öz töhfəsini verdiyini qeyd etmişdir. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan və Litva arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında ötən ilin aprel ayında Bakıda 2-i iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Nazir Şahin Mustafayev Azərbaycan və Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırmış, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini qeyd etmiş, bu gün keçirilən biznes forumun da yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinə, ikitərəfli ticarət əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Litva Respublikasının Baş naziri Algirdas Butkeviçiusun ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd etmişdir. Cənab Butkeviçius Litva iqtisadiyyatı barədə məlumat vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva -Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də İKT, yüngül sənaye, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Litvanın Xarici İşlər Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini Reqimantas Yablonskis ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.