Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev: "Ölkə rəhbərlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün ölkələrimiz arasındakı regional əməkdaşlıq dünyada bir örnəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında regional strateji tərəfdaşlığın daha bir göstəricisidir".
Mayın 25-də Qəbələdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilmişdir.
Tədbirdə hər üç ölkənin iqtisadiyyat nazirləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi və digər rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət, ticarət və s. sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak etmişdir.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev forum iştirakçılarını Azərbaycanın ən gözəl və qədim guşələrindən olan, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə salamlayaraq biznes forumun üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd etmişdir. Vurğulanmışdır ki, regional inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial böhranın neqativ təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirilməsində, regionun imkanlarından daha səmərəli istifadə olunmasında, eləcə də ölkələrimizin davamlı sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan siyasi-iqtisadi əməkdaşlığının genişlənməsi hər üç ölkə üçün, bütünlükdə region üçün olduqca önəmlidir. Nazir Şahin Mustafayev ölkə rəhbərlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, bu gün ölkələrimiz arasındakı regional əməkdaşlığın dünyada örnək olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında regional strateji tərəfdaşlığın daha bir göstəricisidir (Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli biznes forumu artıq 3-cü dəfədir ki, təşkil edilir və bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilmişdir).
Qeyd edilmişdir ki, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı hörmət və maraq, xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.
Nazir Şahin Mustafayev: "Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, "Azərbaycan-Gürcüstan-Türkiyə Enerji Körpüsü" layihələri və digər transmilli layihələrin iştirakçı ölkələri məhz bu layihələrdəki iştirak payına mütənasib olaraq inkişaf edir, siyasi, maliyyə-iqtisadi, sosial dividendlər əldə edir, nəinki regionda, eləcə də beynəlxalq müstəvidə nüfuzlu tərəf müqabili qismində çıxış edirlər". Azərbaycanın və Orta Asiya regionunun enerji resurslarının Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilməsi, ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması regionun əhəmiyyətini daha da artırır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Asiya və Avropa arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində strateji həlqə rolunu oynayacaq.
Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət əlaqələrinin, qarşılıqlı investisiya fəaliyyətinin dərinləşdiyini vurğulamışdır. Möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, DEİK, ATİB, TUSİAB, AZEBİ, "İnvest in Georgia", Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.
Belə ki, 2012-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 20,6% artmışdır. Hazırda Azərbaycanda 2000-dən artıq türk şirkəti, Türkiyədə isə 1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36%-ni türk şirkətləri təşkil edir ki, bu göstəriciyə görə Türkiyə birincidir. Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsaiti hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində də iştirak edirlər. Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən 2,1 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmuşdur ki, bu vəsaitin 1,5 mlrd. dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Təkcə ARDNŞ tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacaqdır. İri layihələrə misal olaraq, Petkim neft-kimya kompleksinin səhmlərinin alınması, Star neft emalı zavodunu qeyd etmək olar.
Gürcüstanla iqtisadi əlaqələrdən danışan nazir Şahin Mustafayev bildirmişdir ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12,1% artmışdır. Azərbaycanda 150-dən artıq Gürcüstan şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılmışdır. Təkcə son 2 il ərzində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 210 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılmışdır. Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən layihələrə misal olaraq, inşaat, turizm və nəqliyyat infrastrukturu layihələrini, hazırda Kulevi sənaye zonasında tikilməkdə olan karbamid istehsalı zavodunu göstərmək olar.
Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev biznes forum çərçivəsində müzakirə edilən məsələlərin və iş adamları arasında keçirilən ikitərəfli görüşlərin üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi perspektivlərini də vurğulamışdır. Üçtərəfli formatda müxtəlif tədbirlərin davam etdirilməsi, ölkələrimizin regionları arasında əməkdaşlığın gücləndirilməsi, dövlətlərarası elektrik enerjisi mübadiləsi imkanlarının artırılması, maliyyə institutlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması və digər ölkələrə birgə investisiyaların yatırılması, turizm sahəsində əlaqələrin genişləndirilməsi, Asiya ilə Avropanı birləşdirən və hər üç ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyinin, onların digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin artırılması Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığının daha da genişlənməsində əhəmiyyətli olacaqdır.
Nazir Şahin Mustafayev: "Bu uğurların fonunda regionda yalnız bir ölkə, işğalçı Ermənistan regional proseslərdən kənarda qalmışdır. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdə iştirakdan məhrumdır, buna görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanır. Bu siyasətə son qoyulmayanadək Ermənistanın hər-hansı bir regional layihədə iştirakı mümkün olmayacaqdır".
Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkür etmiş, son illər Azərbaycan və Türkiyə tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını, hər üç ölkənin iştirakı ilə rellaşdırılan layihələrin regionun inkişafında və ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd etmişdir. Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili: «Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa çox böyük önəm verir. Son 10 ildə Azərbaycan və Türkiyə tərəfindən Gürcüstana investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artırmışdır. Bununla belə, Gürcüstan regional əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır". Nazir Georgi Kvirikaşvili Bakı-Tblisi-Qars dəmir yolu layihəsi ilə bağlı Gürcüstan hökumətinin mövqeyini də açıqlamışdır: "Vurğulamaq istərdim ki, layihə strateji xarakter daşıyır. Heç bir problem bu layihənin reallaşdırılmasına mane ola bilməz". Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri çıxışında Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes forumun iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağına əminliyini bildirmişdir. Georgi Kvirikaşvili ölkələrimiz arasında üçtərəfli formatda növbəti biznes forumun bu ilin oktyabr ayında Batumumidə keçirilməsini təklif etmişdir.
Türkiyənin İqtisadiyyat naziri Zəfər Çağlayan üç dost ölkənin iştirakı ilə növbəti biznes forumun Qəbələ şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, artıq üçüncü dəfədir ki, keçirilən biznes forumun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd etmişdir. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən Zəfər Çağlayan ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini qeyd etmiş, Türkiyə iqtisadiyyatı, qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat vermiş və üçtərəfli əməkdaşlığın regionun inkişafında faydalı olacağını bildirmişdir. Nazir Zəfər Çağlayan Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə keçirilən üçtərəfli biznes forumların digər ölkələrdə də təşkil edilməsini təklif etmiş, bunun iş adamları arasında əlaqələrin genişləndirilməsində, strateji əməkdaşlıq edən bu üç ölkənin digər ölkələrə investisiya yatırmasında faydalı olacağını vurğulamışdır. Türkiyənin İqtisadiyyat naziri Zəfər Çağlayan: "Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyənin Ermənistanla əməkdaşlığından söhbət gedə bilməz. Türkiyə daim qardaş Azərbaycanı dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir".
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, regional iqtisadi əməkdaşlıq perspektivlərinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov sənaye parkının yaradılması istiqamətində görülən işlərə və sənaye parkının perspektivlərinə, Gürcüstanın Milli İnvestisiyalar Agentliyinin direktoru Giorgi Pertaya ölkəsinin investisiya imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Türk-Gürcü İş Şurasının sədri Tuğrul Erkin və Türk-Azərbaycan İş Şurasının sədri Cengiz Gül çıxışlarında iş adamları arasındakı əlaqələrin genişləndirilməsi və rəhbərlik etdikləri qurumların bu sahədə gördüyü işlərə dair məlumat vermişlər.
Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırmışdır.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Biznes forum çərçivəsində hər üç ölkənin iqtisadiyyat nazirləri arasında ikitərəfli görüşlər də keçirilmişdir.
Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayevin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı turist səfərlərinin təşkili, investisiya mühiti və investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılması, iş adamlarının iştirakı ilə sərgi və yarmarkaların təşkili və digər məsələlərə dair müzakirələr aparılmışdır.
Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Türkiyənin İqtisadiyyat naziri Zəfər Çağlayan arasında keçirilmiş görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilmiş, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanmışdır. Görüşdə sənaye parklarının yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, eləcə də qida məhsullarının istehsalı sahəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, Türkiyə və Azərbaycan şirkətlərinin hər iki ölkədəki investisiya layihələrində iştirakının təşviqi, tekstil, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin İqtisadiyyat naziri Zəfər Çağlayan arasında keçirilmiş ikitərəfli görüşdə ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılmışdır.
Qəbələdə keçirilən üçtərəfli biznes forumun iştirakçıları bir sıra istehsal müəssisələrinin (Piano fabriki, "Jalə" istehsal müəssisəsi) fəaliyyəti, eləcə də Qəbələnin turizm imkanları ilə tanış olmuşlar.