AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Sloveniya Biznes Forumu keçirilmişdir

Oktyabrın 22-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.
Biznes forumu giriş sözü ilə açan AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (SPİRİT Slovenia) direktoru Boştyan Skalar Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmiş, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.
AZPROMO-nun nümayəndəsi Ömər Əfəndiyev Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr və birbaşa xarici investisiyalar şöbəsinin müdiri Tanya Drobniç Sloveniyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.
Tədbirdə Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılmış, Sloveniya iş adamlarını maraqlandıran suallar cavablandırılmış, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.