AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir

Noyabrın 4-də Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
Biznes forumda çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət və qazanılmış uğurlar barədə məlumat verərək, ölkəmizdə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərildiyini bildirmişdir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Vidadi Quliyev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir. Hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Qeyd olunmuşdur ki, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Vidadi Quliyev Azərbaycan-Türkiyə biznes forumunun, forum çərçivəsində iş adamları arasında keçirilən ikitərəfli görüşlərin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd etmişdir.
Türkiyə İxracatçılar Məclisinin Avrasiya üzrə koordinatoru Zəfər Ünüvar iki qardaş ölkənin iştirakı ilə növbəti biznes forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd etmişdir. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən Zəfər Ünüvar ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini qeyd etmiş, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat vermişdir.
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir.
Tədbir çərçivəsində Türkiyə İxracatçılar Məclisinin fəaliyyətinə dair videoçarx da nümayiş olunmuşdur.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.