AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Londonda "Azərbaycanın rəqabət qabiliyyətinin və işgüzar mühitinin gücləndirilməsi" mövzusunda biznes forum keçirilmişdir

Noyabrın 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Kembric Mərkəzinin və Asiya Forumunun birgə təşkilatçılığı ilə "Azərbaycanın rəqabət qabiliyyətinin və işgüzar mühitinin gücləndirilməsi" mövzusunda biznes forum keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Avropa Azərbaycan Cəmiyyətinin biznes əlaqələndiricisi Venesa Rain Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu, ölkəmizin son illərdəki iqtisadi inkişafı, insanların həyat səviyyəsinin yüksəlməsi, dövlət-özəl sektor əməkdaşlığının güclənməsi istiqamətində qazandığı uğurlar barədə məlumat vermişdir. Venesa Rain təmsil etdiyi qurumun Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Fəxrəddin Qurbanov Azərbaycanla Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu baxımdan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırmış, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. Fəxrəddin Qurbanov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafa nail olduğunu, iqtisadi artımın qeyri-neft sektoru hesabına təmin olunduğunu, iqtisadiyyata qoyulan investisiyanın artırıldığını bildirmişdir. Azərbaycanın təbii qaz ixracı potensialı barədə məlumat verən səfir Fəxrəddin Qurbanov TANAP layihəsi çərçivəsində "Şahdəniz" yatağından hasil olunan təbii qazın Avropa bazarlarına nəqlinin həm Avropa, həm də Azərbaycanın maraqlarına uyğun olduğunu vurğulamış, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəfləri biznes forum iştirakçılarının diqqətinə çatdırmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu, Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcminə görə qabaqcıl yer tutduğunu və ölkəmizin əsas xarici ticarət tərəfdaşları sırasında olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayan Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaratmışdır. Artıq bir sıra Azərbaycan şirkətləri Avropa ölkələrinə investisiya yatırmışlar və müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Londonda keçirilən biznes forumun hər iki ölkənin biznes imkanlarının təqdim olunması, konkret biznes layihələri və əməkdaşlıq təklifləri ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətini qeyd etmiş, biznes forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin daha da genişlənməsində və yeni layihələrin reallaşdırılmasında əhəmiyyətli olacağını vurğulamışdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmiş, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını bildirmişdir. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar və reallaşdırılan iri layihələr barədə məlumat verən Rüfət Məmmədov Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkəyə çevrildiyini vurğulamış, ölkəmizin investisiya ixracatçısına çevrildiyini qeyd etmişdir.
Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarls Hendri Birləşmiş Krallıq ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat vermiş, iqtisadi-ticarət əlaqələrinin ildən-ilə inkişaf etdiyini bildirmişdir. İki ölkə arasında əlaqələrin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə davamlı inkişaf etdiyini qeyd edən Çarls Hendri təhsil sahəsində əməkdaşlığa diqqət çəkərək azərbaycanlı tələbələrin Birləşmiş Krallıq universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirmişdir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev ölkəmizdə özəl sektorun inkişafına xüsusi önəm verildiyini, sahibkarların maarifləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artdığını, ölkəmizdə güclü sahibkarlar təbəqəsinin formalaşdığını bildirmişdir.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İ.Əliyev Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya əlaqələri barədə məlumat vermiş, hər iki ölkə sahibkarlarının qarşılıqlı yatırımlarda fəal olduqlarını vurğulamışdır.
Forum sessiyalar üzrə işini davam etdirmişdir.