AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir

Noyabrın 13-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, konsaltinq, maliyyə, İKT, energetika, infrastruktur, memarlıq, hidroenergetika, dizayn və s. sahələrdə fəaliyyət göstərən 300-ə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.
Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycanla İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını vurğulamışdır. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bugünkü biznes forum da iş adamları arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəkdir. İndiyədək İtaliya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair ümumilikdə 30 sənəd imzalanmışdır. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır və bu ilin 9 ayı üzrə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dən çox artmışdır. Son 10 ildə İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 47,9 milyon dollar, qeyri-neft sektoruna birbaşa 65,6 milyon dollar investisiya qoyulmuşdur. Hazırda Azərbaycanda ticarət, sənaye, tikinti, bank və sığorta sahəsində fəaliyyət göstərən 45 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir.
Azərbaycan iqtisadiyyatı barədə də məlumat verən Niyazi Səfərov ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulamışdır.
İtaliya Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Karlo Kalenda Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya Respublikasının Azərbaycandakı səfiri Giampaolo Kuttilio çıxışlarında hər iki ölkənin əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, dostluq zəminində qurulan Azərbaycan-İtaliya əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulamış, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliklərini ifadə etmişlər.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (İCE) prezidenti Riccardo Maria Monti müvafiq olaraq Azərbaycanın və İtaliyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.
Biznes Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

   Tədbir çərçivəsində Azərbaycan və İtaliyanın aidiyyəti dövlət qurumlarının və iş adamlarının iştirakı ilə "İnfrastruktur və tikinti", "Neft və qaz" mövzularında seminarlar təşkil olunmuşdur. Seminarlarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Nəqliyyat və Energetika nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Metropoliteninin, ARDNŞ-in və "Şahdəniz" Konsorsiumunun nümayəndələrinin təqdimatları dinlənilmiş, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilmişdir.