Fevralın 28-də Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzmüşlər. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində keçirilmiş Azərbaycan - Qazaxıstan biznes forumunda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-kimya, energetika, qida sənayesi, logistika və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak etmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanın Qazaxıstan ilə ikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, iki ölkə arasında geniş müqavilə-hüquq bazası yaradıldığını qeyd etmiş, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır.
İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edən Samir Vəliyev bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirmişdir.
Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayev ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini qeyd etmiş, Manqistauda iqtisadiyyatın müxtəlif sahələrinə dair məlumat vermişdir. Bildirilmişdir ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında uğurlu əməkdaşlıq aparılır və əlaqələrin genişlənməsi üçün böyük potensial var. Manqistaunun akimi Alik Aydarbekov Azərbaycan sahibkarlarını Manqistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət etmişdir. Alik Aydarbekov Azərbaycan tərəfindən Aktauda yaradılan Logistik Mərkəzin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli olacağını vurğulamışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair geniş məlumat vermişdir.
Qazaxıstanın Sənaye-innovasiya inkişafı idarəsinin nümayəndəsi Jenisbek Saqındıkov Manqistau vilayətinin investisiya potensialına, Sumqayıt Kimya Sənaye Parkının nümayəndəsi Kamran Eyyubov, "ASKİ-Mangıstau" şirkətinin nümayəndəsi Qennadiy Bodryadin, "GMOOS" şirkətinin nümayəndəsi Yoxan Stanql, "KazAzot" şirkətinin nümayəndəsi Ruslan Ayazbayev isə təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.