AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilmişdir

Martın 5-də Podqoritsada Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir. Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin, Monteneqro tərəfindən isə İqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya hər iki ölkənin müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.
İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev qarşılıqlı hörmət və inam üzərində qurulmuş Azərbaycan-Monteneqro əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların böyük rol oynadığını diqqətə çatdırmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ölkələrimiz arasında əməkdaşlığa verilən yüksək önəmin göstəricisidir.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, müqavilə-hüquqi bazanın genişləndirilməsi sahəsində bir sıra işlər görülmüş, iqtisadiyyat, investisiyaların təşviqi və qorunması, turizm, mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlər imzalanmışdır. Bundan başqa, 2013-cü ildəAzərbaycan Respublikası və Monteneqro Hökuməti arasında dostluq münasibətlərinə və tərəfdaşlığa dair bəyannamə, eləcə də beynəlxalq yükdaşımalarına, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər imzalanmışdır. Ötən il Azərbaycan, Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina arasında Trans-Adriatik və İon-Adriatik qaz xətlərinin tikintisinə dair qarşılıqlı anlaşmaya, təşviqə və əməkdaşlığa dair, eləcə də Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropa Dəhlizi layihəsi üzrə əməkdaşlıq haqqında Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında anlaşma memorandumları imzalanmışdır. Kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar sahəsində saziş layihələri isə razılaşdırma mərhələsindədir.
İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması, müqavilə-hüquqi bazanın mövcudluğu və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Qeyd edilmişdir ki, Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar vardır. 2012-ci və 2013-cü illərdə Monteneqro Hökuməti tərəfindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi, həyata keçirilmiş çarter reyisləri ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına müsbət təsir göstərmişdir.
 Humanitar sahədə əməkdaşlığa gəlincə, Monteneqroda Mədəni və İqtisadi Əlaqələr Mərkəzi – “AzMont” fəaliyyətə başlamışdır ki, bu mərkəz həm də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyi funksiyasını yerinə yetirir. Monteneqroda Ümummilli Lider Heydər Əliyev haqqında kitab nəşr olunub, 2013-cü ildə “Kral Parkı”nda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstü, Podqoritsada “Bakı” küçəsi açılmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan və Monteneqro arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulamışdır.
Monteneqronun İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Vladimir Kavariç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Monteneqronun İqtisadiyyat naziri Vladimir Kavariç imzalamışlar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq və s. sahələrdəəməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan-Monteneqro əməkdaşlığının uğurlainkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulamışdır. İkitərəfli əlaqələrin inkişafı vəsahibkarlar arasında işgüzar təşəbbüslərin təşviqi baxımından biznes forum, təqdimat və sərgilərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev ilk dəfə keçirilən Monteneqro-Azərbaycan biznes forumunun əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, hazırda bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir.
Monteneqronun İqtisadiyyat naziri Vladimir Kavariç və Monteneqro İqtisadiyyat Palatasının vitse-prezidenti İvan Savelyiç çıxışlarında ölkələrinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühitinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmişlər.
Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşmışdır.
Səfər çərçivəsində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç tərəfindən qəbul edilmişdir. Azərbaycan nümayəndə heyəti Monteneqronun Baş naziri Milo Cukanoviç, Monteneqro Parlamentinin sədri Ranko Krivokapiç,İqtisadiyyat naziri Vladimir Kavariç, Maliyyə naziri Radoye Juqiçlə də görüşmüşdür. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.
Səfər zamanı İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Kumbor şəhərində Monteneqronun Baş naziri Milo Cukanoviç ilə birlikdə “Portonovi” turizm layihəsinin icrasına başlanması mərasimində iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti həmçinin, “Kral Parkı”nda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzmüşlər.