Niderland Senatının üzvü Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Rəsmi şəxslərdən və iş adamlarından ibarət olan Niderland nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində bir sıra görüşlər keçirmiş, müxtəlif tədbirlərdə iştirak etmişdir.
Aprelin 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Senatının üzvü Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə nazir Şahin Mustafayev iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlığın genişlənməsində senator Rene van der Lindenin xidmətlərini xüsusilə vurğulamışdır. Təsadüfi deyildir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə cənab Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir. Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrə dair fikir mübadiləsinin aparıldığı görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənədin imzalandığı, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi üzrə işlərin yekunlaşmaqda olduğu diqqətə çatdırılmışdır. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İKT, turizm, səhiyyə, ekologiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Niderland şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanmış, iş adamları arasında əlaqələrin təşviqi üçün biznes forumların davam etdirilməsinin, sərgi və yarmarkaların təşkilinin əhəmiyyəti qeyd edilmişdir.
Niderland Senatının üzvü Rene Van Der Linden Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan və Niderland arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.
Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev görüşdə iştirak etmişdir.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, təhsil, logistika, İKT, su təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 170-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycanda maliyyə, sənaye, tikinti, xidmət, ticarət, kənd təsərrüfatı, nəqliyyat, ekologiya və s. sahələrdə 100-dən çox Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 670 mln. ABŞ dolları həcmində birbaşa investisiyalar yatırılmışdır. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Son zamanlar Azərbaycanda bir sıra ekoloji layihələrin həyata keçirildiyini qeyd edən Şahin Mustafayev Niderland şirkətləri ilə Abşeron göllərinin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində də əməkdaşlıq edildiyini bildirmişdir. Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 2013-cü ildə 24% artmışdır və bu artım dinamikası bu ilin ötən dövrü ərzində də davam etmişdir. Şahin Mustafayev Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyətini qeyd etmiş, bu gün keçirilən biznes forumun da iş adamları arasında, xüsusilə Azərbaycan və Niderlandın regionlarında fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır.
Çıxışında Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini qeyd etmiş, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını, artan iqtisadi imkanlar nəticəsində ölkəmizin investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırmışdır. Azərbaycan iqtisadiyyatına dair bir sıra makroiqtisadi göstəriciləri qeyd edən Şahin Mustafayev ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır.
Niderland Senatının üzvü Rene Van Der Linden Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.
Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etmişdir. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Hafiz Paşayev bu sahədə ADA Universiteti ilə Niderlandın Maastrixt İdarəetmə Mərkəzi arasında həyata keçirilən əməkdaşlıq barədə məlumat vermişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə və həyata keçirilən layihələrə, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktorunun müavini Zaur Məmmədov sənaye parkında sahibkarlar üçün yaradılmış şəraitə, Niderland tərəfi isə bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və investisiya qoyuluşu imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.