AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilmişdir

Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.
Biznes forumda dövlət və hökumət nümayəndələri ilə yanaşı, tikinti, enerji, sənaye, maliyyə, nəqliyyat, kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 200-dək azərbaycanlı, 90-dək isə fransız iş adamı iştirak etmişdir.
Forumun plenar sessiyasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Fransa Şirkətlər Birliyinin ("MEDEF International") Fransa-Azərbaycan Biznes Şurasının və Torpaqların Müdafiəsi və Təhlükəsizlik Sənayesi Birliyinin (GİCAT) rəhbəri Kristian Mons çıxış etmişlər.
Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir Şahin Mustafayev əməkdaşlığımızın qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, ölkələrimiz arasında indiyədək 45, o cümlədən iqtisadi sahədə 23 sənəd imzalanmışdır. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərləri, eləcə də son üç ildə Fransa prezidentlərinin iki səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər, əldə olunan razılaşmalar böyük əhəmiyyət kəsb edir.
Siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsinin iqtisadi əməkdaşlığımızın genişləndirilməsinə şərait yaratdığını vurğulayan nazir demişdir ki, ötən il qarşılıqlı ticarət dövriyyəsi 1 milyard 560 milyon dollardan çox olmuşdur. Bunun cari ilin birinci rübündə 370 milyon dollardan çox olduğunu qeyd edən nazir bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artdığını demişdir.
Fransa tərəfindən Azərbaycan iqtisadiyyatına indiyədək 2,4 milyard dollar investisiya yatırılmışdır ki, bunun da 2,2 milyard dolları neft-qaz sektorundadır. Fransanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaya görə 9-cu yerdə olduğunu bildirən nazir bu forumda iqtisadiyyatın digər sahələrində prioritet istiqamətlərin müəyyən olunacağını diqqətə çatdırmışdır. Bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətidir.
Şahin Mustafayev demişdir ki, Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, sənaye, tikinti, bank və digər sahələrdə 51 Fransa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər dövlət investisiyaları hesabına həyata keçirilən layihələrdə iştirak edirlər. Bu layihələrin ümumi dəyəri 1,8 milyard dollardır. Bunların arasında Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması, Bakıda bərk məişət tullantıları zavodunun inşası, Bakı Metropoliteninin inkişafında, eləcə də "Azərbaycan Hava Yolları" QSC–nin yeni təyyarələrinin alınmasında, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və s. mühüm yer tutur.
Ölkəmizin də Fransa iqtisadiyyatına investisiya yatırdığını vurğulayan Şahin Mustafayev Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Parisdə 135 milyon avro məbləğində daşınmaz əmlakın alındığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycanda böyük uğurla həyata keçirilən hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyası nəticəsində son on il ərzində ümumi daxili məhsul 3,2, investisiyalar 6,5, dövlət büdcəsinin gəlirləri 16, xarici ticarət dövriyyəsi 6,6, valyuta ehtiyatları 30 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalmışdır. Bütün bunların sayəsində dövlətin xarici borcu ümumi daxili borcun cəmi 8 faizini təşkil edir.
Müstəqillik dövründə ölkə iqtisadiyyatına 172 milyard dollar investisiya yatırıldığını vurğulayan nazir bunun Azərbaycanda yaradılmış əlverişli biznes mühiti nəticəsində mümkün olduğunu demişdir. Bildirmişdir ki, bunun 64 faizi, yəni 111 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır.
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin Azərbaycanın payına düşdüyünü vurğulayan Şahin Mustafayev demişdir ki, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını zənginləşdirmişdir. Bakıda ən müasir dəniz ticarət limanı inşa olunur. Bu limandan başlayan dəmir yolu şəbəkəsinin tamamlanması ilə gələn ildən Asiyanı Avropa ilə bağlayan dəmir yolu fəaliyyətə başlayacaqdır. Azərbaycanda müasir gəmiqayırma zavodunun inşası, son illərdə 7 hava limanının yenidən qurulması və ya tikilməsi, magistral avtomobil yolları şəbəkəsinin yaradılması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, TANAP, TAP və s. ölkəmizin əhəmiyyətini daha da artırmışdır. Yeni enerji dəhlizinin formalaşdırılmasında ötən il dekabrın 17-də "Şahdəniz-2" üzrə əsas investisiya sazişinin imzalanması bu işdə mühüm rol oynayır. Bu layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakının əhəmiyyətini daha da artırır.
Bildirilmişdir ki, Azərbaycan bütün ölkələrlə siyasi və iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bu gün 150-dən çox ölkə ilə ticarət əlaqələrimiz vardır. Xarici ticarət dövriyyəmizin 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi tanınır. Regionda yalnız bir ölkə - Azərbaycanın ərazilərini işğal etmiş təcavüzkar Ermənistan regional proseslərdən kənarda qalmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları regionda iqtisadi əməkdaşlığın inkişafına ciddi maneçilik törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Nəticədə Ermənistan bölgədə iqtisadi proseslərdən, regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır.
Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial vardır. Bu potensialın səmərəli həyata keçirilməsi üçün əməkdaşlıq sahələri ölkəmizin strateji inkişaf istiqamətləri ilə uzlaşmalı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məqsədlərinə, iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və inkişafı, qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun iki dəfə artırılması kimi hədəflərə uyğun gəlməlidir. Bu sahədə işlər uğurla həyata keçirilir.
Nazir Azərbaycan ilə Fransa arasında əməkdaşlıq imkanları sırasında sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, investisiyalar, ekologiya və alternativ enerji sahələrini xüsusi vurğulamışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə insan kapitalına böyük önəm verilir. Azərbaycan gəncləri dünyanın qabaqcıl təhsil müəssisələrində, o cümlədən Fransanın aparıcı elm ocaqlarında dövlət vəsaiti hesabına təhsil alırlar.
Forumun Azərbaycan-Fransa əməkdaşlığının genişləndirilməsinə töhfə verməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirən Kristian Mons ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da güclənməkdə olduğunu bildirmişdir. Fransa-Azərbaycan münasibətlərinin çox geniş əhatə dairəsinə malik olduğunu deyən K.Mons Heydər Əliyev Fondunun Luvr Muzeyində İslam incəsənəti departamentinin açılmasındakı xidmətlərini biznes cəhətdən də yüksək qiymətləndirmişdir.
Kristian Mons demişdir ki, bu forum ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə yeni istiqamətlərə keçirilməsi, bu sahədə perspektivləri dəyərləndirmək baxımından mühüm rol oynayır.
Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda olmağından qürur duyduğunu qeyd edən K.Mons demişdir ki, Azərbaycanda qonaqpərvərlik və Fransa ilə əməkdaşlığı genişləndirmək marağı təqdirəlayiqdir.
MEDEF-in 750 mindən artıq şirkəti birləşdirdiyini deyən K.Mons bu təşkilatın dünyada geniş əlaqələrə malik olduğunu bildirmişdir. Dünyada aparıcı şirkətlərlə əməkdaşlıq yaratmaq və qarşıya qoyulan hədəflərə uğurla çatmaq MEDEF-in əsas məqsədlərindən biridir. Burada iştirakımızın əsas məqsədlərindən biri də iş imkanlarını dəqiqləşdirmək və gələcəkdə daha da genişləndirməkdir.
Biz azərbaycanlı həmkarlarımızla işləməkdən çox qürur duyuruq, - deyən K.Mons bildirmişdir ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişafı dünyada böyük diqqətlə izlənilir. Azərbaycan özünü dünyada böyük iqtisadi qüdrətə malik ölkələr sırasında göstərməkdə davam edir. Bu illər ərzində Azərbaycan çox çətin, eyni zamanda, şərəfli bir yol keçmiş, layihələrdə əməkdaşlıq sayəsində bütün sahələrdə yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır.
MEDEF tərəfindən 2012-ci ilin sentyabrından etibarən Azərbaycana mütəmadi səfərlərin təşkil olunduğunu vurğulayan Kristian Mons hazırda bu təşkilat ilə ölkəmizin şirkətləri arasında münasibətlərin yüksək inkişaf səviyyəsinə çatdığını bildirmişdir.
Sonra biznes forum "Ənənəvi enerji və "gələcəyin enerjisi", "İqtisadi şaxələndirmə və sənayenin inkişafı", "İnfrastruktur və yeni texnologiyalar" mövzularında panel iclasları ilə işini davam etdirmişdir.
"Ənənəvi enerji və "gələcəyin enerjisi" mövzusundakı birinci panel iclasında energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanda son illərdə həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızın ümumi generasiya gücünün 7 min meqavata çatdığını bildirmişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda 30 milyard kilovat-saat enerji istehsal edilir. Azərbaycanın artıq elektrik enerjisini ixrac edən ölkə olduğunu vurğulayan nazir müavini dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq son illərdə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Biznes forumun "İqtisadi şaxələndirmə və sənayenin inkişafı" mövzusundakı ikinci panel iclasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə sənaye parklarının yaradılması istiqamətində görülən işlərdən danışmışdır. Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan olunduğunu, sənayenin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edildiyini vurğulayan nazir müavini Gəncədə və Mingəçevirdə də sənaye parklarının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
"İnfrastruktur və yeni texnologiyalar" mövzusundakı üçüncü panel iclasda çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir ki, Azərbaycanda etibarlı nəqliyyat, təhlükəsiz rəqabət qabiliyyətinin təmin olunması üçün nəqliyyat sektorunun əsas prioritetləri müəyyən edilmişdir. Hazırda Azərbaycanda irimiqyaslı, o cümlədən dəmir yollarının, hava nəqliyyatının yeniləşdirilməsi, metronun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir.