AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və İsveçrə arasında Birgə Komissiyanın iclası və biznes forum keçirilmişdir

 

Mayın 26-da Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir. İclasda Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının (SECO) nümayəndəsi xanım Liviya Leu, eləcə də hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak etmişlər.
İclasda çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın İsveçrə ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd etmişdir.
İki ölkə arasında zəruri müqavilə-hüquqi baza yaradılmış, 20-dən çox ikitərəfli sənəd, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunmasına, ticarət və iqtisadi əməkdaşlığa, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlər imzalanmışdır.
Azərbaycanda xidmət, sənaye, ticarət, tikinti, rabitə, nəqliyyat, maliyyə və s. sahələrdə 81 İsveçrə investisiyalı şirkət fəaliyyət göstərir.
Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın bu gün 150-dən çox ölkə ilə ticarət əlaqələri vardır. Xarici ticarət dövriyyəsinin 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsi 2013-cü ildə 8,5% artmışdır.
Qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olduğunu diqqətə çatdıran Şahin Mustafayev İsveçrə tərəfindən 1995-2013-cü illər ərzində bu sektora 185,3 mln. ABŞ dolları həcmində investisiya yönəldildiyini vurğulamışdır.
Bildirilmişdir ki, İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycana 70 mln. ABŞ dolları həcmində qrant ayrılmışdır. Regional layihələr də daxil olmaqla, SECO tərəfindən Azərbaycanda indiyədək 32 layihə həyata keçirilmiş, bunlardan 15-nin icrası artıq başa çatdırılmışdır. Hazırda 17 layihənin icrası davam etdirilir. Birgə həyata keçirilən "Azərbaycanda investisiya mühiti" layihəsi çərçivəsində lisenziyalar və icazələr, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanun layihələri hazırlanmış, icazələrin elektron informasiya portalı yaradılmışıdr.
Hazırda Azərbaycanın investisiya ixracatçısı olduğu qeyd edilmiş, qonşu ölkələrlə yanaşı, Avropa ölkələrinə, o cümlədən İsveçrəyə də sərmayə yatırıldığı vurğulanmışdır. Misal olaraq, ARDNŞ-in ExxonMobilin İsveçrə nümayəndəliyi olan Ecco Schweiz şirkətini əldə edərək, İsveçrədə 150 yanacaqdoldurma stansiyasının istismarını həyata keçirdiyini qeyd etmək olar.
Şahin Mustafayev Birgə Komissiyanın 5-ci iclasından ötən müddət ərzində görülmüş işlər, bu dövrdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, iki ölkə hökumətləri arasında kapital bazarlarının müasirləşdirilməsi üzrə texniki yardıma dair Sazişin imzalandığını, İsveçrənin "Switzerland Global Enterprise" təşkilatı ilə AZPROMO arasında əməkdaşlığa dair Memorandumun isə razılaşdırma mərhələsində olduğunu qeyd etmişdir. İsveçrənin "Holcim" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətini, 2012-ci ildə "Holcim-Azərbaycan" ASC-nin quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodunun istifadəyə verildiyini diqqətə çatdırmışdır. Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etmiş, Gəncədə su təchizatı sistemlərinin bir hissəsinin inşası artıq başa çatmışdır.
Azərbaycan İsveçrə ilə enerji, kənd təsərrüfatı, maliyyə, mədəniyyət və turizm, səhiyyə sahələrində də uğurlu əməkdaşlıq edir.
Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, maliyyə və bank, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını, iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd etmiş, Birgə Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini diqqətə çatdırmışdır.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu imzalamışlar. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, su təsərrüfatı, enerji, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Sonra İsveçrə-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 120-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulamışdır. barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını vurğulamışdır. Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri diqqətə çatdırılmışdır.
Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan bugünkü biznes forumun əhəmiyyətini vurğulamış, İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında fəal iştiraka dəvət etmişdir.
İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İsveçrə-MDB Ticarət və Sənaye Palatasının icraçı direktoru xanım Dorit Sallis, Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycan-İsveçrə əlaqələrindən danışmış, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.
Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İsveçrənin Rusiya və MDB ölkələri üzrə Birgə Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.
Biznes forum sual-cavab sessiyası ilə başa çatmışdır.