AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Rusiyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Həmin gün Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür. Görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olmuşlar. İqtisadi İnkişaf naziri Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə Rusiya Federasiyasının İnquşetiya Respublikasının nümayəndə heyətinə geniş məlumat vermişdir. 
Sonra Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirmiş, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu bildirmiş, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycan qonşu ölkənin 83 federal subyektindən 71-i ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir. Regional əməkdaşlığın inkişafı perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.
Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır. Cənab Çiliyev Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən İnquşetiya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etmişdir.Sonra İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, maliyyə, bank, enerji, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.
Bakı Biznes Mərkəzində keçirilən biznes forumda qonaqları salamlayan İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox ikitərəfli müqavilənin imzalandığını, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd etmişdir.
Cənab Mustafayev Azərbaycanda 479 Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini, son illər Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına 468 mln. dollar, son 10 ildə isə Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına 563 mln. dollar investisiya qoyulduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin ilk 5 ayı ərzində 38% artmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olmuşdur. Son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun və Rusiya Federasiyasının İnquşetiya Respublikası Baş nazirinin müavini Pavel Puşinin Azərbaycanın və İnquşetiya Respublikasının iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatları dinlənilmişdir. Tədbirdə İnquşetiya Respublikasının Turizm Komitəsinin rəhbəri Batır Malsaqov "İnquşetiya Respublikası: istirahət və turizm üçün yeni imkanlar" mövzusunda videotəqdimatla çıxış etmişdir.
Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyasının İnquşetiya Respublikasının nümayəndə heyəti bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqlar.