AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-İran biznes forumu keçirilmişdir

Avqustun 7-də İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, İran tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, ticarət, tikinti materiallarının istehsalı, təhsil, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak etmişdir. Azərbaycan tərəfi isə biznes forumda analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı ilə təmsil olunmuşdur.
Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də Prezident İlham Əliyevin bu ilin aprelində İrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırda Azərbaycan və İran arasında əlaqələr iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir və bu əməkdaşlığın genişlənməsində iş adamları arasında əlaqələrin inkişafı əhəmiyyətlidir.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib və iclas çərçivəsində müzakirə edilən bütün məsələlər üzrə razılıqlar əldə edilib. Belə ki, Dövlət Komissiyasının dünən keçirilmiş iclasında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı tələbatın müəyyənləşdirilməsi məqsədilə ixrac qabiliyyətli mallar haqqında, eləcə də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədilə bu sahədə mütəmadi məlumat mübadiləsinin aparılması barədə razılıq əldə edilib. Qeyd olunub ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət Palatasının iştirakı ilə İşçi Qrupu yaradılacaq. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair” Sazişin imzalanması ilə bağlı işlərin sürətləndirilməsi barədə Dövlət Komissiyasının iclası çərçivəsində razılığa gəlinib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respuiblikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş”in İranın aidiyyəti orqanları tərəfindən təsdiq olunmasının sürətləndirilməsi və Sazişin icrasına başlanması barədə iki ölkə arasında razılıq əldə edilib. Eyni zamanda, Dövlət Komissiyasının iclası çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi sahəsində də razılıq əldə olunub. Azərbaycan və İran arasında artan iqtisadi əlaqələri nəzərə alaraq Bilsuvar-Culfa (İran) dövlət sərhədlərində buraxılış məntəqəsinin 24 saatlıq iş vaxtına keçirilməsi, Astara (İran) - Astara (Azərbaycan) sərhəd keçid məntəqəsində razılaşdırılmış ərazidə yeni dəmir və avtomobil yolu, həmçinin piyada körpülərinin tikintisi, müştərək sərhəd keçid məntəqələrində rüsumların azaldılması məsələsinə baxılması barədə də razılıqlar əldə edilmişdir. Dövlət Komissiyasının iclası çərçivəsində həmçinin, investisiya qoyuluşu, enerji, bank, İKT, kənd təsərrüfatı və s. sahələrdə də əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib və razılıqlar əldə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd etmiş, bugünkü biznes forumun da iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır. İqtisadiyyat və Sənaye naziri Azərbaycan iqtisadiyyatına dair məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi çıxışında Azərbaycan Respublikası Prezidentinin bu ilin aprel ayında İrana rəsmi səfərinin hər iki ölkə, eləcə də beynəlxalq aləm üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamış, bu səfərdən sonra İran Prezidenti cənab Həsən Ruhaninin Azərbaycanla əlaqələri prioritet hesab edərək ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verdiyini qeyd etmişdir. Cənab Vaezi ölkələrimizin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu döqqətə çatdırmış, Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də iş adamları arasında əlaqələrin daha da inkişafına dair fikirlərini bölüşmüşdür. İranlı nazir Azərbaycan və İran arasında müştərək ticarət və əməkdaşlıq palatasının yardılmasını təklif etmiş və bunun ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını daha da inkişaf etdirəcəyini bildirmişdir.  
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini  ƏliƏkbər Fərazi isə İran iqtisadiyyatına dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində AZPROMO ilə İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı (OİETAİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Biznes forum İran iş adamlarının Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri ilə davam etmişdir.