AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilmişdir

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində oktyabrın 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunmuş, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirmişdir.
Rüfət Məmmədov Böyük Britaniya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins Böyük Britaniya iqtisadiyyatı barədə məlumat vermiş, iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Biznes forumda AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, britaniyalı iş adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.