AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Stavropol arasında iqtisadi əlaqələr müzakirə edilmişdir

Rusiya Federasiyasının Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 Səfərin ilk günü Rusiya nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Rusiyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.

Aprelin 3-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu və dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini, görülmüş işlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. İki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılmış, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanmışdır. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 mln. ABŞ dolları investisiya yatırılmışdır. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə 995,5 mln. ABŞ dolları təşkil etmişdir. Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafında indiyədək 13 iclası keçirilmiş hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Nazir Şahin Mustafayev Azərbaycanın Rusiyanın federal subyektləri ilə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Azərbaycan və Rusiya arasında keçirilən ənənəvi regionlararası forumlar ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə, o cümlədən Stavropol diyarı ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanmışdır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Stavropol diyarı ilə isə 60%-ə yaxın artmışdır. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Rusiya Federasiyasının Stavropol diyarı ilə əlaqələrin genişlənməsində maraqlıdır. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir.

Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqa hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır. Cənab Murqa Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etmişdir.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi məqsədilə birgə biznes forum, sərgi və digər tədbirlərin keçirilməsi məsələləri müzakirə olunmuşdur.

Görüşün sonunda Azərbaycan Respublikasının Naftalan şəhərinin İcra Hakimiyyəti və Rusiya Federasiyası Yesentuki şəhərinin Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma haqqında Saziş  imzalanmışdır.

Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak etmişdir. Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamışdır. Azərbaycan Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə fəal əməkdaşlıq edir. Son 4 ildə Rusiyanın subyektləri ilə 16 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir. İqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır və Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. Sahil Babayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də forum iştirakçılarına məlumat vermişdir.

Rusiya Federasiyasının Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqa Rusiya Federasiyasının digər subyektləri kimi, Stavropol diyarının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat vermiş, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Stavropol diyarının iqtisadi inkişaf naziri Yuri Kosırevoy isə ölkəsinin iqtisadiyyatına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropolun “Kurortlar Birliyi” Holdinqi arasında, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyasının “Profkurort” Sanatoriya-Kurort Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Tədbir çərçivəsində Azərbaycan və Stavropol diyarı barədə video çarxlar nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.