AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Təbrizdə İran-Azərbaycan biznes forumu keçirilmişdir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Dövlət Komissiyasının iclası, İran-Azərbaycan biznes forumları və bir sıra ikitərəfli görüşlər keçirilmiş, energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilmişdir. Şimal-Cənub nəqliyyat dəhlizi və Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar ölkələrimizin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaqdır. Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırmışdır. İş adamlarını fəal əməkdaşlığa dəvət edən nazir Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirmişdir. Vurğulanmışdır ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər. Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur. 
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında son zamanlar ölkələrimiz arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd etmiş, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iş adamları arasında əməkdaşlığın inkişafına dair fikirlərini bildirmişdir. Mahmud Vaezi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət etmişdir.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə isə çıxışında İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır.  
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunmuşdur.