Martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, keçirilən görüşlərin, imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiya əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 40-a yaxın sənəd imzalanmışdır. Bununla belə, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bakı-Budapeşt-Bakı reysi üzrə bu ilin mart ayından etibarən uçuşların bərpa edilməsi üzrə razılığa gəlinib. Bundan başqa, səhiyyə, turizm, İKT, kənd təsərrüfatı, su təchizatı və nəqliyyat infrastrukturu sahələrində də əməkdaşlığımız uğurla davam edir.
Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verən Şahin Mustafayev qeyd etmişdir ki, bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan və Macarıstan qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlıq edə bilərlər.
Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Macarıstanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır. Bu yaxınlarda Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlanması dövlət başçılarının birgə səylərinin nəticəsidir. Bu günkü biznes forumda çoxlu sayda iş adamının iştirak etməsi də əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanları qeyd etmiş, investisiya qoyuluşu, İKT və xidmət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır. Bundan başqa, su təchizatı, kənd təsərrüfatı sahələri də əməkdaşlıq üçün mühüm istiqamətlərdir.
Biznes forum çərçivəsində Azərbaycanın "RR Şirkətlər Qrupu" və Macarıstanın "Project Service Venture" şirkəti, Azərbaycanın "Sinam" və Macarıstanın "Toll Service" şirkəti, yerli "Komtec" şirkəti ilə Macarıstanın "European Parking System" şirkəti, Azərbaycanın "East Stream" və Macarıstanın "Umirs Europe" şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmiş, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunmuşdur.