AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan - İspaniya biznes forumu keçirilmişdir

Aprelin 26-da İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və İspaniya tərəfdən sənaye, metallurgiya, nəqliyyat, maliyyə, energetika, tikinti, kənd təsərrüfatı məhsullarının emalı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. İki il əvvəl İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun Azərbaycana səfəri çərçivəsində keçirilmiş biznes forumun, habelə iqtisadi sahədə mühüm sənədlərdən hesab olunan ikiqat vergitutmanın aradan qaldırılması haqqında imzalanmış sazişin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini xatırladan Şahin Mustafayev İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilmiş, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən islahatlar diqqətə çatdırılmış, qeyri-neft sektorunun bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilmişdir. Azərbaycan və İspaniya qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı, sənaye parklarına, aqroparklara ispaniyalı investorlarının cəlb edilməsi, tekstil sektorunda tanınmış ispan brendlərinin Azərbaycanda regional istehsal müəssislərinin qurulması, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlıq edə bilərlər.Nazir Şahin Mustafayev ispan şirkətlərini Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirməyə dəvət etmişdir.
İspaniya nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduqlarını, ölkəmizdəki sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Xose Manuel Qarsia-Marqallo turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün potensialı vurğulamış, Azərbaycan iş adamlarını İspaniyaya dəvət etmişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, İspaniya Ticarət Palatasının direktoru Alfredo Bonetin və İspaniya İşəgötürənlər və Sənaye Palatasının vitse-prezidenti Xose Viçente Qonzalez Perezin İspaniyanın biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.