AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan - Rusiya Biznes Forumu Keçirilmişdir

İyunun 20-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, kimya, maşınqayırma, qida sənayesi, energetika, nəqliyyat, yüngül və ağır sənaye, ticarət, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edən şirkətlərin 200-ə yaxın nümayəndəsi iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Rusiya arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, hər iki ölkənin dövlət başçılarının siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, dövlət başçılarının, rəsmi və işgüzar dairələrin yüksək səviyyəli qarşılıqlı səfərlərinin bunun əyani göstəricisi olduğunu vurğulamışdır. Niyazi Səfərov bir neçə gün öncə hər iki ölkənin iqtisadiyyat nazirlərinin Rusiyada keçirdiyi görüşləri, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində aparılan müzakirələri diqqətə çatdırmışdır.
Niyazi Səfərov Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumların keçirildiyini, bu ilin sonunadək növbəti – VII belə forumun Azərbaycanda təşkil ediləcəyini, ümumilikdə son beş ildə iki ölkə arasında 40 tədbirin keçirildiyini vurğulamışdır.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə məlumat verən nazir müavini son 10 ildə ÜDM istehsalının 2.3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 8.3 dəfə, qeyri-neft sektorunun 2.3 dəfə, strateji valyuta ehtiyyatlarının 16.3 dəfə artdığını, qeyri-neft sektorunun ÜDM-də payının 69.3%-ə çatdığını vurğulamışdır.
Qeyd edilmişdir ki, iki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılmış, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170 saziş imzalanmışdır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1.9 mlrd dollar təşkil etmişdir. Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatında 3 mlrd. dollar investisiya yatırıb, dəyəri 69.5 mln manat olan dövlət sifarişini yerinə yetirirlər. Azərbaycanlı iş adamları isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox sərmayə qoyublar.
Tədbirdə Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğu vurğulanmış, xarici investisiyaların və investorların mənafelərinin qorunmasının əlverişli investisiya mühitinin əsas göstəricilərindən olduğu, təkcə 2015-ci ildə Azərbaycan iqtisadiyyatına 20 mlrd. dollar, indiyədək isə 220 mlrd. dollardan çox investisiya qoyulduğu, Azərbaycanda 6 mindən çox xarici kapitallı şirkətin fəaliyyət göstərdiyi bildirilmiş, rusiyalı iş adamları daha fəal əməkdaşlığa dəvət edilmişdir.
Rusiya Federasiyasının Yaroslav vilayətinin qubernatoru Serqey Yastrebov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırmış, işgüzar dairlələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırmış, azərbaycanlı iş adamlarını Yaroslavda yaradılmış investisiya imkanlarından yararlanmağa çağırmışdır.
Rusiya Federasiyasının "Delovaya Rossiya" İctimai Birliyinin rəhbəri Aleksey Repkin hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın daha da genişləndirilə biləcəyini vurğulamış, azərbaycanlı sahibkarları rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə dəvət etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, Rusiya Federasiyasının Strateji Təşəbbüslər üzrə Yeni Layihələrin Dəstəklənməsi Agentliyinin rəhbəri Andrey Nikitin isə Rusiya Federasiyasında investisiya mühiti və işgüzar imkanlar mövzusunda təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Rusiyanın "Delovaya Rossiya" İctimai Birliyi arasında, AZPROMO və "UK Viktoriya Esteyt" QSC arasında, AZPROMO ilə "Bank VTB" (Azərbaycan) arasında əməkdaşlığa dair Anlaşma Memorandumları, həmçinin "Vita-A" MMC (Azərbaycan), "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "R-Farm" (Rusiya) şirkətləri arasında Azərbaycan Respublikası ərazisində beynəlxalq standartlara və tələblərə uyğun müasir əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanmışdır.
Tədbir iş adamları arasında təşkil olunmuş ikitərəfli görüşlərlə davam etmişdir.