AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib

Oktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib. Bildirilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Rüfət Məmmədov BƏƏ iş adamlarını ölkəmizdə yaradılmış investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Exports” təşkilatının icraçı direktorunun müavini Mohammed Ali Əl Kamali bu gün keçirilən növbəti Azərbaycan - BƏƏ biznes forumunun iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, BƏƏ-də iş adamlar üçün yaradılmış biznes imkanları və investisiya mühiti barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və BƏƏ iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. Azərbaycan-BƏƏ biznes forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Mohamed Ahmed Alqubaisi Azərbaycan və BƏƏ arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, əməkdaşlığın genişləndirilməsində iş adamlarının rolunu qeyd edərək, hər iki ölkə sahibkarlarını daha sıx əməkdaşlığa dəvət edib.
Tədbirdə AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat edib.
Tədbirin ilk günü iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.
Forumun ikinci günündə bir sıra Azərbaycan şirkətlərinin təqdimatı keçiriləcək, BƏƏ nümayəndə heyəti istesal və xidmət müəssisələrinin fəaliyyəti ilə tanış olacaqdır.