AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

Oktyabrın 25-də Bakıda Azərbaycan və Xorvatiya dövlət başçılarının iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Biznes forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar Kitaroviç çıxış edib.
Tədbirdə Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, İKT, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Sonra Azərbaycanın biznes və investisiya imkanları xorvat iş adamlarına təqdim edilib, həmçinin Xorvatiyanın biznes mühiti və iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair məlumat verilib, iş adamları qarşılıqlı fəal əməkdaşlığa dəvət olunub.
Biznes forumda Azərbaycan və Xorvat iş adamları arasında ikitərəfli görüşlər keçirilib, energetika, tikinti, turizm, İKT, kənd təsərrüfatı, qida sənayesi, və s. sahələrdə əməkdaşlıq, eləcə də yerli istehsalda istifadə olunan müxtəlif xarici komponentlərin ölkəmizdə istehsalına dair Xorvatiya ilə birgə müəssisələrin yaradılması, gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalına dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya iş adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb və xorvat iş adamları burada investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Əczaçılıq sahəsində Xorvatiyanın təcrübəsi nəzərə alınaraq, bu sahədə birgə əməkdaşlıq həyata keçirilə bilər.
Biznes forumda iş adamları arasında əsas müzakirə mövzularından biri də ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair fikir mübadiləsi aparılıb.