Yanvarın 17-də Azərbaycana səfəri çərçivəsində Çexiya Respublikasının Sənaye və Ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Çexiya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın Sənaye və Ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və Çexiya arasında əlaqələrin inkişaf etdiyini, 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalandığını qeyd edib, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradılıb, sabah sayca 4-cü iclası keçiriləcək hökumətlərarası komissiya fəaliyyət göstərir. Azərbaycan və Çexiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, bank-maliyyə sahələrində, Tvinninq aləti çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir, müxtəlif layihələrdə podratçı qismində iştirak edirlər. Maliyyə sahəsində əməkdaşlıq çərçivəsində Çexiya bankları tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanda infrastruktur və nəqliyyat sahəsində həyata keçirilən 7 layihədən 5-nin icrası başa çatıb, 2 layihənin icrası isə davam edir. Şahin Mustafayev Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi üçün fikirlərini bölüşərək bildirilib ki, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, çex şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Bundan başqa, əczaçılıq, turizm və s. sahələrdə də əməkdaşlıq üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev Çexiya nümayəndə heyətinin Azərbaycana bu səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini bildirib.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfərindən və ölkəmizlə əlaqələrin inkişafdan məmnunluğunu ifadə edib. Çexiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Yan Mladek iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları, çex şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Həmin gün rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda kənd təsərrüfatı, qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çexiya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında səmimi dostluq münasibətlərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Çexiya iş adamlarının iştirakı ilə belə tədbirlər hər il keçirilir və bu sayca 7-ci işgüzar tədbirdir. Bu günkü biznes forumda çox sayda iş adamının iştirak etməsi əməkdaşlığn genişləndirilməsinə göstərilən maraqdan xəbər verir. Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər.
Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var və Azərbaycan qeyri-neft sektoru sahəsində Çexiya ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Nazir Şahin Mustafayev bu günkü biznes forumun başlıca məqsədlərindən birinin məhz ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirəsi olduğunu qeyd edib, Azərbaycanın kənd təsərrüfatı (meyvə-tərəvəz, çay, fındıq və s.), şərab və şərabçılıq məhsullarının, sənaye məhsullarının Çexiyaya ixracı imkanlarını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan iş adamlarının marağı olacağı təqdirdə Çexiyaya ixrac missiyası təşkil oluna bilər. Bundan başqa, kənd təsərüfatı məhsullarının istehsalı və emalı, sənaye, turizm sahələrində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Vurğulanıb ki, Çex şirkətləri Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılmış əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatıra, ölkəmizin nəqliyyat və tranzit imkanlarından istifadə edə bilərlər.
Çexiya Respublikasının Sənaye və Ticarət naziri Yan Mladek ölkələrimizin strateji tərəfdaşlar olduğunu, əlaqələrimizin inkişaf etdiyini vurğulayıb. Çexiyanın iqtisadiyyatı və Azərbaycan-Çexiya iqtisadi əlaqələri barədə məlumat verən Yan Mladek qeyd edib ki, Azərbaycan Çexiya ilə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsində də əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Çexiyalı nazir ölkəsinin infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji, texnologiyalar sahəsində Azərbaycanla əlaqələrinin inkişafına maraq göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Çexiya Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopust Çexiya şirkətlərinin fəaliyyəti i barədə məlumat veriblər.
Biznes forum iş adamları arasında əlaqələrin genişdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.