AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan - ABŞ biznes forumu keçirilib

Oktyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, səhiyyə, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 150-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq miqyasda iqtisadi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirib, bu məqsədlə işgüzar dairələrin iştirakı ilə təşkil edilən tədbirlərin əməkdaşlığın dərinləşməsində əhəmiyyətini vurğulayıb. Nazir müavini həmçinin, Azərbaycan iqtisadiyyatı, yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin ABŞ-la iqtisadi-ticarət əlaqələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan siyasi və makroiqtisadi cəhətdən sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, beynəlxalq aləmdə etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısıdır.

Azərbaycan - ABŞ iqtisadi-ticarət əlaqələri barədə məlumat verən nazir müavini bildirib ki, bu ilin səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb. Qeyd edilib ki, indiyədək ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 12.7 milyard dollar dəyərində investisiya yatırıb. Azərbaycanın ABŞ-a yatırdığı investisiyaların həcmi 3 mlrd. dollardır. Sənaye, kənd təsərrüfatı, təhsil və s. sahələrdə ABŞ-la uğurlu əməkdaşlıq davam etdirildiyini bidir’n Sahil Babayev ABŞ-şirkətlərini Azərbaycanda yaradılan sənaye parkları və sənaye zonalarında təklif edilən imkanlardan yararlanmağa dəvət edib.

Sahil Babayev son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və ABŞ iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. Azərbaycan-ABŞ biznes forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ABŞ-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

ABŞ Kommersiya Xidmətinin baş kommersiya müşaviri Bill Çaykovski və Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova Azərbaycandakı Amerika Ticarət Palatasının Azərbaycan və ABŞ iş adamları arasında işgüzar əlaqələrin təşviqi və iqtisadi əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını qeyd edib, iş adamları arasında yeni əlaqələrin qurulması baxımından bu gün keçirilən biznes forumun əhəmiyyətini vurğulayıblar.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmiş, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunmuşdur.