Aprelin 29-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.
Biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Xorvatiya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, indiyədək Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə 22 sənəd imzalanıb. Azərbaycanda Xorvatiya şirkətləri uğurla fəaliyyət göstərir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 16% artaraq 250 milyon dollar təşkil edib.
Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən Rüfət Məmmədov beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.
Nazir müavini keçirilən biznes forumun işgüzar dairələr arasında müzakirələrin aparılması, əməkdaşlığın perspektiv sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib, Xorvatiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Buriç Azərbaycana səfərindən məmnunluğunu bildirib, bu gün keçirilən biznes forumda iş adamlarının fəal iştirakının qarşılıqlı əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, bu gün keçirilən biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib. Mariya Buriç regionun önəmli ölkəsi olan Azərbaycanda Xorvatiya Səfirliyinin açılmasının siyasi-iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulanıb.
Tədbirdə Azərbaycan və Xorvatiyanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlar keçirilib.