AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında biznes forum keçirilib

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 4-də Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum keçirilib. Biznes forumda hər iki ölkədən ticarət, sənaye, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika, sığorta, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığını, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət-investiya əməkdaşlığıdır və hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi bu məqsədə nail olunmasında mühüm rol oynayır. Azərbaycan Rusiyanın 70-dən çox federal subyekti, o cümlədən Rostov vilayəti ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı maşınqayırması, alternativ enerji, humanitar və s. sahələrdə Rostov vilayəti ilə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır. Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə forum iştirakçılarına məlumat verib, Rostov vilayətinin sahibkarlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmağa dəvət edib.

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, biznes forumların ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. Vasili Qolubev Rostov vilayətinin iqtisadi-investisiya imkanları barədə məlumat verib, Azərbaycanla əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin Azərbaycan və Rusiya əlaqələrinin inkişafına verilən böyük önəmin göstəricisi olduğunu qeyd ediblər.

Biznes forum çərçivəsində Rusiyanın Rostov vilayətinin investisiya-turizm imkanları barədə təqdimat keçirilib.

Tədbirdə Azərbaycan və Rusiyanın Rostov vilayətində birgə həyata keçirdiyi layihələr barədə məlumat verilib, “Voterfoll PRO” MMC-nin rəhbəri Konstantin Kuzin, “Aviakompaniya Azimut” SC-nin icraçı direktoru Eduard Tepliçkiy və “Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)”nun rektoru İmran Əkbərov təmsil etdikləri müəssisələrin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində sənaye, turizm, konsaltinq, humanitar və s. sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.