AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan “Beynəlxalq Yaşıl Həftə - 2014” beynəlxalq sərgisində uğurla təmsil olunur

Yanvarın 17-dən Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə-2014" ("Green Week 2014") sərgisi keçirilir. 1926-cı ildən etibarən hər il keçirilən sərgi yanvarın 26-dək davam edəcək.
Sərgidə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın pavilyonunda ölkəmizdə istehsal olunan 100-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə yanaşı, 10-dan çox şirkət iştirak edir.
Yanvarın 17-də rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə sərginin açılışı olmuşdur. Sərginin açılışında iştirak etmiş Almaniya Federativ Respublikasının Ərzaq və Kənd Təsərrüfatı naziri Hans Peter Fridrix, Berlin şəhərinin meri Klaus Voverayt, Almaniyanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, iştirakçı ölkələri təmsil edən digər rəsmi qonaqlar və iş adamları Azərbaycan pavilyonunu ziyarət etmişlər.
Sərgidə Azərbaycan şirkətlərinin məhsulları böyük maraqla qarşılanmış, tədbir iştirakçılarına ölkəmizin investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat verilmişdir. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər təqdim edilmişdir.
Sərginin Azərbaycana aid pavilionunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, hər il dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgini gün ərzində 20 mindən çox insan ziyarət edir.
"Beynəlxalq Yaşıl Həftə-2014" sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov kənd təsərrüfatı nazirlərinin altıncı Berlin sammitində iştirak etmişdir.