AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə-2017" beynəlxalq sərgisində 9-cu dəfə təmsil olunur

Yanvarın 20-də Almaniyanın payaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2017” (“International Green Week – 2017”) sərgisi öz işinə başlayıb.
Bu il Azərbaycan 9-cu dəfədir ki, bu sərgidə iştirak edir. Sərginin Azərbaycanın pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və AZPROMO-nun nümayəndələri ilə yanaşı, 19 Azərbaycan şirkəti iştirak edir.
Sərginin Azərbaycana aid pavilionunda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərin məhsulları da nümayiş etdirilir.
Yanvarın 29-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriləcək.
Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacaqdır. Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.