AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan xurması və fındığı beynəlxalq sərgidə qızıl medala layiq görülüb

"Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və Sərgi təşkilatçılarının diqqətini cəlb edən "Bal Xurma" və "Azərstar" şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər.

Qeyd edək ki, quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı "ITE Group" tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq "Worldfood Moscow" Sərgisinə qatılan Azərbaycan şirkətləri ən yüksək mükafatı qazanıblar.

Azərbaycanın xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsalçısı olan "Bal Xurma" və fındıq istehsalçısı "Azərstar"ın bu mükafatlara layiq görülməsi həm də yerli məhsullarımızın ekoloji təmiz olması, bu sahədə istehsal və emal prosesinin müasir texnologiyalara əsaslanması ilə bağlıdır.

Azərbaycanın eksklüziv partnyor olduğu "Worldfood Moscow" Sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur. Bu məhsullar öz təbiiliyi və keyfiyyəti ilə yanaşı, qablaşdırılmasının müasir dizaynı ilə seçilir, sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, sentyabrın 11-dən öz işinə başlayan 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi bu gün başa çatır. Sərgi çərçivəsində Azərbaycanın vahid ölkə stendi 1000-dən çox xarici şirkətin nümayəndəsi tərəfindən ziyarət olunub, yerli şirkətlərimiz Rusiyaya fındıq, qənnadı məmulatları, şəkərli vanil və qabartma tozu ixracına dair 13 müqavilə imzalayıb, Azərbaycanın vahid ölkə stendi "Ən yaxşı debüt" mükafatına layiq görülüb.