Noyabrın 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan şərablarının dequstasiyasına dair tədbir keçirilmişdir.Tədbirdə şərab üzrə ekspertlər və distribyutorlar, beynəlxalq ticarət mütəxəssisləri və KİV nümayəndələri iştirak etmişlər.Tədbirdə Azərbaycanın "Abşeron Şərab", "ASPİ Wineries,, "AZ-Qranata", "Caspian Coast", "Vinaqro Göy-Göl" və "Şərq Ulduzu" şirkətlərinin istehsal etdiyi şərab və brendi məhsulları nümayiş olunmuşdur. Tədbir iştirakçılarına Azərbaycanın "Bayan Şira" və "Mədrəsə" kimi milli üzüm sortlarından və həmçinin məşhur "Chardonnay", "Merlot", "Şiraz", "Muscat" və "Cabernet Sauvignon" üzüm sortlarından hazırlanmış qırmızı və ağ şərablar təqdim olunmuşdur.Tədbirdə çıxış edən Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbirin məqsədi, eləcə də palatanın fəaliyyəti barədə məlumat vermişdir.AZPROMO-nun ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov isə çıxışında Azərbaycanın qeyri-neft məhsullarının ixracının artırılmasının dövlət başçısının iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Tədbirin məqsədinin Azərbaycan məhsullarının ABŞ-da tanıdılması olduğunu diqqətə çatdıran Elşən Baloğlanov AZPROMO-nun ABŞ-dakı fəaliyyəti barədə də geniş məlumat vermişdir.