İyunun 28-də İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizdən kənarda ilk olaraq yaradılan Aktau İstehsal və Logistika Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti Aktau İstehsal və Logistika Mərkəzinə dair stendlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Azərsun Holdinq” və Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti tərəfindən ötən il imzalanmış Memoranduma əsasən, Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonasında inşa ediləcək İstehsal və Logistika Mərkəzinin tikintisi “Azərsun Holdinq” tərəfindən reallaşdırılacaq, layihəyə AZPROMO tərəfindən hər cür dəstək göstəriləcəkdir. Artıq tikintini həyata keçirəcək “Azersun Logistics Centre” şirkəti Aktau Xüsusi İqtisadi Zonasının rəsmi iştirakçısışəhadətnaməsini almışdır. İstehsal və Logistika Mərkəz 5000 m2 quru anbardan, 5000 m2 soyuq anbardan və digər infrastrukturdan ibarət olacaqdır. Mərkəz Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz ediləcəkdir.
Təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğulamışdır. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır ki, belə layihələrdən biri də Aktauda İstehsal və Logistika Mərkəzinin inşası layihəsidir. Şahin Mustafayev müasir texnologiya və avadanlıqların tətbiqinin, rəqabətqabiliyyətli məhsul istehsalının, ixracın şaxələndirilməsinin və qeyri-neft məhsullarının ixracının artırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının genişləndirilməsinə, ölkələrarası iqtisadi münasibətlərin daha da gücləndirilməsinə, ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəkdir. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından da əhəmiyyətli olacaqdır. İstehsal və Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və digər ərzaq məhsullarının bu mərkəz vasitəsilə Qazaxıstana, həmçinin Qazaxıstanda istehsal olunan malların ölkəmizə ixracı üçün əlverişli şərait yaradacaqdır. Layihənin birinci mərhələsinin dəyəri 20 mln. ABŞ dollarıdır. Layihənin reallaşdırılmasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılmış Azərbaycan dövlətinin uzunmüddətli güzəştli kreditlərindən istifadə olunmuşdur. Layihənin növbəti mərhələsində İstehsal və Logistika Mərkəzində çeşidləmə və qablaşdırma infrastrukturunun, istehsal və emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, Aktau İstehsal və Logistika Mərkəzi Azərbaycanın ölkədən kənarda ilk logistik mərkəzi olmaqla, sahibkarlar üçün yeni ixrac imkanları yaradır.
“Azərsun Holdinq”in prezidenti Abdulbari Gözal Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bu mühüm layihənin icrasının “Azərsun Holdinq” tərəfindən reallaşdırılaşdırılmasını şirkətə göstərilən böyük etimad kimi qiymətləndirmişdir. Abdulbari Gözal logistika sahəsində “Azərsun Holdinq”in böyük təcrübəyə malik olduğunu bildirmiş və vurğulamışdır ki, şirkət Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəkdir.
Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayev çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulamışdır. Akim Bakıda olarkən “Azərsun Holdinq”in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu xatırlatmış, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini qeyd etmişdir.
Sonra İstehsal və Logistika Mərkəzinin təməli qoyulmuş, tikintisinə start verilmişdir.
Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstan Respublikasının Manqistau vilayəti Akimliyinin təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbəyov qonaqları salamlayaraq ölkəsinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində dövlət başçılarının mütəmadi görüşlərinin böyük əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, iki ölkə arasında əməkdaşlığın genişlənməsinə imkan yaradan möhkəm normativ hüquqi baza yaradılmışdır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə 100-dən çox, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanmışdır. İqtisadi əməkdaşlığın inkişafında 10 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. 2002-2013-cü illərdə Qazaxıstan tərəfindən Azərbaycanda əsas kapitala 5,2 mln. ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Azərbaycan tərəfindən Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi isə 2011-2013-cü illər ərzində 132,8 mln. ABŞ dolları təşkil etmişdir. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 371 mln. ABŞ dollarına yaxın olmuşdur. 2014-cü ilin əvvəlinə Azərbaycanda Qazaxıstan sərmayələri əsasında ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, xidmət, bank, sığorta, rabitə və tikinti sahələri üzrə aktiv 52 şirkət qeydiyyata alınmışdır. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı və ticarət sahələri üzrə Azərbaycan investisiyalı 723 şirkət qeydiyyatdan keçmişdir. Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Ötən il keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində görüşən Azərbaycan və Qazaxıstan prezidentləri arasında Aktau İstehsal və Logistika Mərkəzinin yaradılmasına dair razılıq əldə edilmişdir. Yeni yaradılan Mərkəzin ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu olacaqdır.
Dövlət başçılarının siyasi iradələrinin bariz nümunəsi olan belə layihələr digər sahələrdə də həyata keçirilməli, ölkələrimizin zəngin iqtisadi potensialına uyğun olaraq, qarşılıqlı faydalılıq prinsipləri əsasında əməkdaşlığımız daha da genişləndirilməlidir.
İş adamları və işgüzar dairələr arasında əlaqələrin təşviqi məqsədilə birgə tədbirlərin, sərgilərin keçirilməsi üzrə ölkələrimiz arasında müsbət ənənələrin olduğunu diqqətə çatdıran Şahin Mustafayev hər iki ölkənin iş adamlarını iqtisadiyyatın müxtəlif sahələri üzrə mövcud imkanları dəyərləndirməyə və yeni işgüzar əlaqələr yaratmağa dəvət etmişdir. Nazir Şahin Mustafayev çıxışında Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.
Biznes forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Manqistau vilayətinin regional Sahibkarlar Palatasının direktoru Janbırbay Dospayev Qazaxıstan Respublikasının Manqistau vilayətinin investisiya və iqtisadi potensialı haqqında təqdimatlarla çıxış etmişlər.
Tədbirdə “Azersun Holdinq” şirkətinin nümayəndəsi Mehran Məmmədov “Azərsun İstehsal və Logistik Mərkəzi”nə dair təqdimatla çıxış etmişdir. Aktauda yaradılacaq Mərkəzə dair təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Manqistau vilayətinin Sahibkarlar Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.