AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir

Martın 6-da Batumidə keçirilmiş 4-cü Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaş olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilmişdir. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu vurğulanmışdır. Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilmsində əhəmiyyətli olacağı qeyd olunmuşdur.
Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın "İnvest in Georgia" Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumu keçirilmişdir.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda biznes forumun keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsüdür. Artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum 4-cü dəfədir ki, təşkil edilir.
Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumunda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunmuşdur. Ümumilikdə isə biznes forumda 100-dən çoxu Azərbaycandan olmaqla, hər üç ölkədən 350-dən çox rəsmi şəxs və iş adamı iştirak etmişdir.
Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək qonaqları salamlamış, belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirmişdir. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Baş nazir birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkələrimiz ciddi tərəfdaşdırlar, regionda həyata keçirdiyimiz iri infrastruktur layihələri bunun əyani sübutudur. İrakli Qaribaşvili Gürcüstanın xarici investorlar üçün açıq olduğunu, Azərbaycan və Türkiyə iş adamlarının ölkəsinə sərmayə qoymalarını yüksək dəyərləndirdiyini qeyd etmişdir. Baş nazir bugünkü biznes forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili üç ölkənin iştirakı ilə keçirilən növbəti biznes forumun Gürcüstan-Azərbaycan-Türkiyə dostluğunun təzahürü olduğunu qeyd etmiş, qonşu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə məlumat vermişdir. Giorgi Kvirikaşvili Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatındakı uğurlu fəaliyyətini qeyd edərək, ölkəsinin Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələrdə fəal iştirakda maraqlı olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forum iştirakçılarını salamlayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda ənənəvi olaraq hər il keçirilən biznes forumun ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlığın nəticəsi, dünyada örnək olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması, Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars, "Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü" kimi strateji layihələr Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Bununla belə, regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir.
Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, KOSGEB, TİKA, DEİK, "İnvest in Georgia", Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.
Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 2600-dən çox, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 6,3 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 5 milyard ABŞ dollarından çoxdur. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Ölkələrimiz arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir.
Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 340 şirkət, Azərbaycanda isə 235 gürcü şirkəti fəaliyyət göstərir. 1997-2014-cü illərdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 1 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Gürcüstanın ticarət dövriyyəsindəki payına görə Azərbaycan 2-ci yeri tutur.
Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaqdır.
Nazir Şahin Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırmışdır.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini, bu sahədə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, regionda həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizin iqtisadi gücünü daha da artırır. Bununla belə, regional əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsindən sonra mümkün ola bilər.
Biznes forum çərçivəsində Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Giorgi Pertaya, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi Mustafa Mente və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov təmsil etdikləri ölkələrin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırmışlar.