Avqustun 25-də İtaliyanın Milan şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) birgə təşkilatçılığı ilə “Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycanın ölkə təqdimatı: “Azərbaycana investisiya yatırın: biznes mühiti və imkanları” mövzusunda tədbir keçirilmişdir.
İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) rəhbəri Manuela Traldi Azərbaycanın İtaliyanın əsas xarici ticarət tərəfdaşlarından olduğunu, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində iri layihələrin reallaşdırıldığını və belə layihələrin həyata keçirilməsində İtaliya şirkətlərinin də iştirak etdiyini bildirmiş, iqtisadi əlaqələrin genişləndirilməsində sərgilərin, işgüzar görüşlərin və s. tədbirlərin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir. Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin İtaliya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirmişdir.
Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə, həmçinin Balaxanı Sənaye Parkına dair təqdimatlar keçirilmişdir.
Tədbir iştirakçıları “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonu ilə tanış olmuşlar. Sərginin Azərbaycan pavilyonu qonaqlar tərəfindən maraqla qarşılanm. Qeyd edək ki, Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun yaradılması layihəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Sərgi oktyabrın 31-dək davam edəcək.