Keniyanın Nayrobi şəhərində BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclası öz işinə başlayıb.
İyulun 17-dən 22-nə qədər davam edəcək konfrans çərçivəsində debatlar və dəyirmi masalar, tematik tədbirlər, Dünya İnvestisiya Forumu, Qlobal Əmtəə Forumu, Gənclər və Vətəndaş Cəmiyyəti forumları və digər tədbirlər təşkil ediləcəkdir.
Dünyada biznes mühitinin, ixrac və investisiyanın qlobal səviyyədə təşviq edilməsi, davamlı inkişafa, tərəqqiyə nail olmaq üçün müvafiq iqtisadi modellərə keçidin təmin olunması kimi mövzuları əhatə edən konfransda bir çox dövlət və hökumət başçıları, nazirlər və biznes cəmiyyətinin nümayəndələri, elm adamları iştirak edir.
Konfrans çərçivəsində təşkil olunan ən mühüm tədbirlərdən biri kimi Dünya İnvestisiya Forumuna dünya liderlərinin iştirak etdiyi Qlobal İnvestisiya Sammiti ilə start verilib. Forumda investisiyanın təşviq edilməsi, sahibkarlığın inkişafı, maliyyə, müxtəlif regionlara investisiyaların cəlb olunması, özəl sektorun inkişafı və s. mövzular üzrə müzakirələr aparılacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məsul əməkdaşları da Konfransda iştirak edir.
Tədbir müddətində Keniyanın Ticarət-Sənaye Palatası, İslam İnkişaf Bankı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi ilə görüşlər və Rüfət Məmmədovun rəhbərliyi ilə İnvestisiya Təşviqi Agentliklərinin Ümumdünya Assosasiyasının (WAIPA) iclası baş tutacaq.