Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, ət və ət məhsulları, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü AZPROMO və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin təmsilçiləri ilə əfqan şirkətləri arasında görüş keçirilib.
AZPROMO-nun vitse prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, ixracyönümlü, rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verib.
Tədbir çərçivəsində AZPROMO ilə Əfqanıstan Ticarət və Sənaye Palatası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sonra Azərbaycan və Əfqanıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 60-dan çox əfqan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Əfqanıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Əfqanıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri fevralın 8-dək davam edəcəkdir. 9-11 fevral tarixlərində isə Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcək.