Fevralın 17-də İstanbulda Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı ilə təmsil olunub. Ümumilikdə isə, biznes forumda hər üç ölkədən 250-dən çox iş adamı iştirak edib.
Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına dair video çarxlar nümayiş olunub.
Sonra çıxış edən Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) İdarə Heyətinin üzvü Rona Yırcalı qonaqları salamlayaraq 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Rona Yırcalı birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini, regionda birgə həyata keçirilən iri infrastruktur layihələrinin bunun əyani göstəricisi olduğunu qeyd edib. Rona Yırcalı Türkiyənin xarici investorlar üçün açıq olduğunu, bugünkü biznes forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə böyük önəm verir və artıq 5-ci dəfədir ki, keçirilən üçtərəfli formatda biznes forum da məhz Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında reallaşdırılır. Ölkələrimiz arasındakı regional əməkdaşlığın dünyada örnək olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev dünyanın bir sıra ölkələrindəki siyasi-iqtisadi qeyri-sabitlik fonunda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun 5-ci dəfə keçirilməsinin ölkələrimiz arasındakı birliyi və dostluğu nümayiş etdirməklə, gələcək əməkdaşlığımızda əhəmiyyətli olacağını bildirib.
Dövlət başçılarının siyasi iradəsi, strateji tərəfdaşlıq, tarixən formalaşan dostluq, qonşuluq münasibətləri, iqtisadi sahədə yaradılmış müvafiq qanunvericilik bazası, hər üç ölkədə əlverişli investisiya mühitinin, zəngin təbii ehtiyatların, ixtisaslı kadr potensialının mövcudluğu, ölkələrimiz arasında geniş ticarət və investisiya əməkdaşlığı, əlverişli coğrafi mövqe və böyük tranzit imkanları, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, “Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü” kimi strateji layihələr, işgüzar dairələr arasındakı yüksək səviyyəli əlaqələr, AZPROMO, ASK, TİKA, DEİK, KOSGEB, “İnvest in Georgia” və s. qurumların məhsuldar fəaliyyəti Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir. Nazir Şahin Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Regionda sabitliyi pozan, işğalçılıq siyasəti aparan və qonşu ölkələrə ərazi iddiaları irəli sürən Ermənistan bu cür əhəmiyyətli layihələrdən kənarda qalıb.