AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac missiyasının Ciddəyə səfəri başa çatıb

Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb.
İxrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələlərini müzakirə ediblər. Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri, ixrac missiyamızda təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsi Elnur Əliyev isə Azərbaycan və Körfəz ölkələri arasına ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb.

Səudiyyə Ərəbistanı şirkətləri ilə keçirilən görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə də bal, ət və süd məhsullarına böyük maraq göstərilib. Azərbaycanın “Kerkom” şirkəti balın, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıb. “Milk-Pro” şirkəti “Sunbulah Group” distributor şirkəti ilə süd məhsullarının, “SunFood” MMC “Al-Raya” marketlər şəbəkəsi və “Al neel” distributor şirkəti ilə konservləşdirilmiş məhsulların, “Səba” şirkəti isə “Sunbullah Group”, “Poultry service” və “Yamareh” şirkətləri ilə ət məhsullarının ixracına dair danışıqlara başlayıb.
Missiya zamanı Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.