AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şərab məhsulları mükafata layiq görülüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Moldovada keçirilmiş beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycan şərab məhsullarının layiq görüldüyü mükafatların təqdimatına dair tədbir keçirilib. Belə ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı tərəfindən Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Black Sea Region Wines & Spirts Contest`2018” adlı müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi dequstasiya olunub. Ölkəmizi müsabiqədə təmsil edən “Gəncə Şərab-2” şirkətinin “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış “Hillside Classico” ağ desert şərabı böyük qızıl medal mükafatını qazanıb. “Gəncə Şərab-2” şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb. Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirakının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan şərablarının ixrac həcminin və coğrafiyasının genişləndirilməsi məqsədilə işlər görüldüyünü, bu məqsədlə, Çində Azərbaycan Şərab Evinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

.