“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstana təşkil edilmiş ixrac missiyası başa çatıb. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları ilə Qazaxıstan şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib, ixrac məsələləri müzakirə olunub.
İnşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin iştirak etdiyi ixrac missiyası çərçivəsində Azərbaycanın “Şərq ulduzu” və “Merit Brand” şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəliblər. “Gilan Holding” Qazaxıstanın “Furkan” supermarketlər şəbəkəsinə doğranmış kartofun və “Mia” alqokolsuz içkisinin satışına dair razılıq əldə edib. Qazaxıstana təşkil edilmiş ixrac missiyasına daxil olan “Azersun Holdinq” məhsullarının ixracına dair Qazaxıstanın ”İPE Haldakov” ,”Rokos” ,”Taks” ,”Firkan” şirkətləri danışıqlar aparıb.
Qeyd edək ki, 30 sentyabr- 5 oktyabr tarixlərini əhatə edən ixrac missiyası Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilmişdi.