Martın 27-də Rusiyanın Yaroslavl vilayətində “Azərbaycan” Ticarət Evi” layihəsi çərçivəsində yerli sahibkarlar üçün Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan töhfələri” mağazalar şəbəkəsi” layihəsinin regional təqdimatları seriyasından birinci mərasim keçirilib.
Bu layihə azərbaycanlı ixracatçıların dəstəklənməsi və Rusiya bazarında Azərbaycan məhsullarının təbliği üzrə kompleks sistemin formalaşması konsepsiyasının tərkib hissəsidir.
Bu sistemə Azərbaycanın ixrac, investisiya və turizm potensialı haqqında daimi fəaliyyətdə olan ekspozisiya, Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkət və “Azərbaycan töhfələri” mağazalar şəbəkəsi” daxil olacaq.
“Azərbaycan töhfələri” mağazaları yerli sahibkarların qüvvəsi ilə açılacaq, “Azərbaycan” Ticarət Evi isə həmin mağazaların geniş çeşidli Azərbaycan məhsulları ilə təmin olunmasına kömək edəcək.
Xatırladaq ki, martın 9-da Ticarət Nümayəndəliyinin dəstəyi ilə Moskvadakı “DEPO” fudmollun ərazisində birinci “Azərbaycan töhfələri” mağazası açılıb. Bu mağazanın piştaxtalarında 15 istehsalçının 200-dən çox adda məhsulları təqdim edilib.
Cari il ərzində Moskva, Sankt-Peterburq, Yekaterinburq, Krasnoyarsk və Yaroslavlda daha bir neçə “Azərbaycan töhfələri” mağazası açılması planlaşdırılır.