İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya işgüzar görüşü keçirilmişdir.
Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, suvarma sistemlərinin, dəmir yolu avadanlıqlarının, tibbi ləvazimatların, hidravlik qurğuların, biokimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə, eləcə də investisiya ixracatçısı olduğunu vurğulayaraq ispan iş adamlarını əməkdaşlığa dəvət etmişdir.
İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi qurumunun baş direktoru İsaak Martin İspaniya iqtisadiyyatı barədə məlumat vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin İspaniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əlaqələrin inkişafı istiqamətlərini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.
AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru Natiq Mədətov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir.