Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfərin ilk günü - yanvarın 27-də Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzmüşlər. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Həmin gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ilə görüşmüşdür.
Görüşdən əvvəl Macarıstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olmuşdur.
Görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında 30-dan çox sənəd, o cümlədən iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və digər sənədlər imzalanmış, əməkdaşlığın hüquq-müqavilə bazası yaradılmışdır. Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılmış, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir.
Görüşdə qeyd edilmişdir ki, ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Ötən 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın artmışdır. Növbəti iclası yanvarın 28-də Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır.
Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir. Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı və heyvandarlıq və s. sahələrdə uğurlu əməkdaşlıq etdiyini qeyd edən cənab Siyarto səhiyyə, kənd təsrrüfatı, turizm, enerji və s. sahələrdə də əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırmış, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişafı imkanları, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Görüşdən sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbir iştirakçılarını salamlayaraq Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına təkan vermişdir. Hökumətlərarası Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun səmərəli fəaliyyəti, ötən il Şuşa ilə Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin açılması, bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi və s. Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının göstəriciləridir.
Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də ticarət əlaqələri uğurla inkişaf edir. Bakıda Macarıstan Ticarət Evinin açılması ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfədir.
Nazir Şahin Mustafayev 2005-2013-cü illərdə ölkələrimiz arasında 9 biznes forum və işgüzar görüşün keçirildiyini vurğulamış, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iş adamları arasında əlaqələrin yaradılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni layihələrin icrasına və biznes təşəbbüslərin inkişafına təkan verdiyini diqqətə çatdırmışdır. Macarıstan şirkətləri əsasən kənd təsərrüfatı və xidmət sahələrində olmaqla Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Son iki ildə keçirilən biznes forum və işgüzar görüşlərin nəticəsi olaraq inşaat, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunmuşdur.
Bildirilmişdir ki, bu günkü tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, İKT, qida emalı avadanlıqları, tekstil, əczaçılıq, turizm, maliyyə, alternativ enerji, daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edir və biznes forum iş adamları arasında qarşılıqlı əlaqələrinin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində əhəmiyyətli olacaqdır. Nazir Şahin Mustafayev macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət etmişdir.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycandakı dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə etmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulamışdır. Cənab Siyarto əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini diqqətə çatdırmış, iş adamları arasında əlaqələrin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini qeyd etmişdir. Macarıstan iqtisadiyyatı, ölkəsinin biznes və investisiya imkanları barədə məlumat verən Peter Siyarto Macarıstan şirkətlərinin kənd təsərrüfatı, səhiyyə, turizm, enerji və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu da bildirmişdir. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına görə Fonda təşəkkür etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) vitse-prezidenti Peter Bilek Macarıstan-Azərbaycan ticarət əlaqələri və HİTA-nın göstərdiyi xidmətlərə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.