AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-İsrail işgüzar görüşü keçirilmişdir

Fevralın 13-də Bakı Biznes Mərkəzində İsrailin İxrac və Beynəlxalq Əməkdaşıq təşkilatının rəhbəri Ramzi Qabbayın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə işgüzar görüş keçirilmişdir. Görüşdə Azərbaycan və İsrail iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.
İsrailin İxrac və Beynəlxalq Əməkdaşıq təşkilatının rəhbəri Ramzi Qabbay İsrail və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların təşkil olunmasını təklif etmiş və bunun iqtisadi əməkdaşlığın inkişafı, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd etmişdir.
Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri Rövşən Nəcəf işgüzar görüşdə rəhbərlik etdiyi şirkətin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə danışmışdır. Görüş zamanı Azərbaycanın investisiya, müxtəlif sahələrdə, xüsusilə də kənd təsərrüfatı, İKT, kimya sənayesi və turizm sahəsində əməkdaşlıq imkanlarına, birgə müəssisələrin yaradılmasına dair müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.