Martın 14-də Bakı Biznes Mərkəzində İtaliyanın Friuli Venetsiya Culiya regionunun qubernatoru xanım Debora Serrakianinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə işgüzar görüş keçirilmişdir.
İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, iqtisadiyyatın müxtəlif sahələri, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dəstək mexanizmləri, eləcə də AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
İtaliyanın Friuli Venetsiya Culiya regionunun qubernatoru xanım Debora Serrakiani İtaliya və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların təşkilinin əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd etmişdir.
Sonra İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun iqtisadiyyatına, biznes və investisiya mühitinə dair təqdimat keçirilmişdir.
İşgüzar görüş zamanı Azərbaycanın investisiya imkanlarına, müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.