Martın 27-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) “Almaniya-Azərbaycan Forumunun (DAF)” sədri Hens-Eberhard Şleyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Almaniya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.
“Almaniya-Azərbaycan Forumunun (DAF)” sədri Hens-Eberhard Şleyer Almaniya və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların təşkilinin əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd etmişdir.
Görüş zamanı alman iş adamlarını maraqlandıran suallar cavablandırılmışdır.