Nyu York şəhərində 60-cı Yay Beynəlxalq Qida və İçkilər Sərgisi keçirilmişdir. Ənənəvi olaraq, Nyu Yorkun Yakov Cavitz Mərkəzində hər ilin yay aylarında təşkil edilən sərgidə 1300 yerli şirkət ilə yanaşı, 48 ölkədən 900-dən çox xarici şirkət iştirak etmişdir.
Sərgidə AZPROMO-nun dəstəyi ilə Azərbaycanın qida və meyvə şirələri istehsalçıları olan “Az-Qranata”, “AzNar”, “Azərsun”, “Balakans”, həmçinin spirtli içkilər istehsalçısı olan “Abşeron Şərab”, “Savalan”, “Caspian Coast” və “Şərq Ulduzu” şirkətlərinin məhsulları da nümayiş olunmuşdur. Azərbaycanın stendində sərgi ziyarətçilərinə “Balakans” şirkətinin istehsal etdiyi heyva, armud, şaftalı və alma cemləri, “Saville” ticarət nişanı ilə “Azərsun” şirkətinin istehsalı olan hisə verilmiş badımcan kürüsü, tərəvəz turşuları və meyvə kompotları təqdim edilmişdir. “Az-Qranata” şirkətinin istehsalı olan nar və albalı suyu, eləcə də “AzNar” şirkətinin istehsalı olan nar suyu və narşarab məhsulları sərgi iştirakçılarının diqqətini cəlb etmişdir.
Üç gün davam edən sərgi çərçivəsində AZPROMO-nun ABŞ-dakı nümayəndəsi tərəfindən Azərbaycan məhsullarının distributorları üçün ABŞ-ın Kaliforniya, Vaşinqton, Miçiqan, İllinoys, Nyu York, Pensilvaniya və Virciniya ştatlarında fəaliyyət göstərən qida brokerləri, pərakəndə satış məntəqələrinə xidmət göstərən məhsul alıcıları və market sahibləri ilə görüşlər təşkil olunmuşdur.