AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilmişdir

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulamışdır. Ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, keçirilən görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə vermişdir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanmışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir. Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulamış, İran nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və qəbulun nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirmişdir. Cənab Tayebnia qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşmüş və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, energetika, alternativ enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılmışdır.
Görüş çərçivəsində "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında" Anlaşma Memorandumu imzalanmışdır. İşçi qrupu Azərbaycan və İranın biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstərəcəkdir.